Nizami Qərib: ” Gözlərin ağlar” – VİDEO

             GÖZLƏRİN AĞLAR

Sonrakı peşmançılıq, faydasız olar,
Məni məndən alan gözlərin ağlar.
Ayrılıq səddini çəkdi aradan,
Mənə həsrət qalan gözlərin ağlar.

Sənlə keçirdiyim günlər xatirə,
Saçımı bəzəyən dənlər xatirə,
Ehh, sənlər xatirə, mənlər xatirə,
Edib bizi talan, gözlərin ağlar

Səninki sevgi yox, var-dövlət, puldu,
Sənintək qadınlar bəxtindən duldu.
Bu gün məni görüb yamanca doldu,
Xəyallara dalan gözlərin ağlar.

Zamansız tərk edib getdiyin kəsəm,
Mən sənin nəyinəm, nəyindən küsəm?
Keçmişi qaytaran yel olub əsəm,
Yada düşsə dolan gözlərin ağlar.

 

 ÖMÜR QATARI

Həyat qatarında, zaman köçündə,
Ömrümdən gəncliyim köç olub gedir.
Qəlbimdə boy atan, çiçək açmamış,
Fidan ümidlərim puç olub gedir.

Köç gedən köç yolu birtərəflidi,
Bu qatar geriyə qayıdan deyil.
Köhnə xatirələr, verib əl-ələ,
Yatan gəncliyimi oyadan deyil.

Surəti azalıb daha qatarın,
Qocalıq növbəti dayanacaqdır.
Gəncliyi yuxuda keçirən ömrüm,
Qocalıq dövrünə oyanacaqdır.

 

 QOY BİZİM SEVGİMİZ XƏYALDA QALSIN.

Sevgidən danışma nə olar mənə,
Düşərik dumana, düşərik çənə.
Bir bax saçımızı bürüyən dənə,
Qoy bizim sevgimiz xəyalda qalsın.

Qəlbimdə sevgiyə məzar qazılıb,
Gördüyüm yuxular çoxdan yozulub.
Vallah, kimliyimə evli yazılıb,
Qoy bizim sevgimiz xəyalda qalsın.

Qaçırsaq həddini ləzzətin, dadın,
Dilinə düşərik qohumun, yadın.
Mən evli kişiyəm, sən subay qadın,
Qoy bizim sevgimiz xəyalda qalsın.

Nizami Qərib -Pressaz.az