Hüquqşünas şair Ədalət Əroğlu: “Ana”…FOTO

                      ANA
(Dünyasın dəyişmiş bütün Analara Allahdan rəhmət diləyirəm)

Bu gecə yuxumda səni görmüşəm,
Gümüş saçlarını öpüb, hörmüşəm.
Mən, necə anasız ömür sürmüşəm?
Sən mənim varlığım, canımsan Ana!
***
Məzara qoyuldun, qərib diyarda,
Sən bizi tərk etdin, bir ilk baharda,
Sarsıldı Atam da, o ixtiyar da –
Sən mənim varlığım, canımsan Ana!
***
Ötüşüb çox illər keçdi aradan,
Dərk edib seçdim də, ağı, qaradan,
Anasızlıq dərd deyil ki, sıradan…
Sən mənim varlığım, canımsan Ana!
***
Yəqin, göydən düşmüş bir mələk idin,
Əroğlu ömrünə bir bəzək idin,
Sən Analar dünyasında tək idin,
Sən mənim varlığım, canımsan Ana!

 

                     YANIR

Ah çəkir dağlarım, Ah çəkir Vətən,
Yurdumun səması, göyləri yanır.
Qalxır göy üzünə, göyün ərşinə,
Dərdindən alışıb, canım odlanır.

Yanır, içimdəki sözlərim yanır,
Həsrətdən alışıb üzlərim yanır,
Yanır bu ürəyim, hislərim yanır,
Dərdindən alışıb, gözlərim yanır.

Kim bilir, bu dərdə necə dözürəm,
Qələmim od tökür, ürəyim yanır,
Çiynimdə el yükü, necə gəzirəm,
Cövründən alışıb kürəyim, yanır.

Göylər də alışıb, göylər də yanır,
Günəşim çıxanda dünya oyanır,
Ədalətin qəlbi nura boyanır,
Alovun özüyəm, ürəyim yanır.

Dünyanın enişi, yoxuşu vardır,
Zirvələr əlçatmaz, enişlər dardır,
Dünyanın görünən bir üzü vardır,
Neçə arzum yanır, diləyim yanır.

Əroğlu,Vətənin al qan içində,
Kim görübdü, mənim dərdim biçimdə,
Zaman çatıb, səhv etmərəm seçimdə,
Silah gəzdirməyə biləyim, yanır.

 

AJB-nin üzvü,
“ƏDALƏT İŞIĞINDA” Ədəbi Məclisin sədri,
Hüquqşünas-şair
Qafarov Ədalət İzzət oğlu (ƏROĞLU)