Həkim-şair Əfrahim Hüseynli – Yeni şeirlər…

DEYİRDİN, MƏLƏKLƏR GÖZƏ GÖRÜNMÜR

Nə var ürəyimdə açıb danışdım,
Dolandım başına dostun, tanışın.
Əlimi uzatdım əlaçanlara,-
İslandım altında qarın, yağışın.

Dolandım başına bu Yerin, Göyün…
Gördüm göy buludlu, Yer qalmaqaldı.
Dolandım başına…nə var dünyada,-
Elə bu dolanmaq özümə qaldı.

Sevdim gecələri gündüzlər qədər,-
Gərildi üzümə qaranlıqları.
Məni üzə gülən bəyaz yolları
Apardı qayaya, dənizə sarı.

Ay ana! Sözünü küləyə verdim,
Deyirdin “mələklər gözə görünmür!”
Qəlblər də dağlartək duman içində,-
Gec bildim, uzaqdan bizə görünmür.

…Dur aç, qapımızı, ay Afaq qızım,
Bu mənəm, şübhələr boğmasın səni.
Dünyanın dərdini çəkdiyim bəsdi…
Yollar öz evimə gətirib məni.

 

DAHA GECƏLƏR DƏ GÖZÜMDƏN DÜŞÜB…

Kaş ki sözlərimə inanmayaydın,
Bir yalan biləydin doğru arzunu.
Əlçatmaz, ünyetməz gümana belə
Əlimi açmazdım ömrüm uzunu.

Bəlkə nahaqq yerə ürək sirrimi
Xahişsiz, filansız açmışam mən də…
Vəsfinə yazdığım şeirlərimi
Oxuyub kiməsə, öyünürsən də.

Gecənin gözündə əriyən kimdi?-
Bu qismət soyuqluq üzündən düşüb.
Ay da doğma idi, ulduz da döğma,
Daha gecələr də gözümdən düşüb.

Necə yaxın idik gözlə qaş kimi,
Necə uzaq düşdük göy üzü qədər.
Duman da biz olduq, qaya-dağ da biz,
Uzanan yolları qınadıq…hədər!

Yollarım üstünə yağan qar kimi
Ələnir üstümə suallar indi.
Yüz-yüz sorğuların cavabı bumu?-
Hə… biri var idi, biri yox idi…

 

Əfrahim Hüseynli – pressaz.az