ELVİN TALIŞINSKİ: “ELMŞÜNASLIQ VƏ ELMİN SOSİAL PROBLEMLƏRİ – NƏZƏRİ-METODOLOJİ TƏDQİQAT İSTİQAMƏTİ KİMİ”

Elm insanın zehni inkişafının ən yüksək mərhələsi, onun mədəniyyətinin zirvəsi və spesifik nailiyyətidir. O, həm də insan fəaliyyətinin bir sahəsi olmaqla reallıq haqqında obyektiv biliklərin inkişafı və sistemləşdirilməsi funksiyasını daşıyan ictimai şüurun formalarından biridir.
Elmin inkişaf tarixi bəşəri düşüncənin və bütövlükdə bəşər cəmiyyətinin təkamülü prosesi kimi qiymətləndirilə bilər. Elmin inkişafında mühüm mərhələlərdən biri müxtəlif istiqamətli biliklərin uyğun çərçivələrdə toplanaraq müxtəlif elm sahələrinin formalaşmasına əsas olmasıdır. Məhz bu mərhələ elm tarixinin ilkin inkişaf pilləsi olaraq qəbul edilə bilər. Sosial-tarixi inkişaf mərhələlərindən keçərək elm və müxtəlif istiqamətli elmi biliklər zənginləşməklə, daha dərin differensiasiyaya məruz qalmışdır. Elmin məhsuldar gücə və mühüm bir sosial instituta çevrilməsi yeni bir nəzəri-metodoloji istiqamətin – elmşünaslığın meydana çıxmasına gətirmişdir. Belə ki, elmin tarixi ayrı-ayrı elm sahələrinin inkişaf prosesinin təhlilinə yönəldiyi halda, elmşünaslıq bu təlillərin ümumiləşdirilməsi və bilavasitə elmin kateqorial aparatının, ümumelmi metodların yaradılmasına, elmin sosial tərəqqiyə təsiri imkanlarının nəzəri və empirik şərhinə şərait yaratmışdır. Elmşünaslıq ümumilikdə nəzəri və sosial məhfum olaraq elmin və ayrı-ayrı elm sahələrinin tarixi inkişaf prosesinin tədqiqinə yönəlməklə yanaşı, xüsusi bir istiqamət kimi formalaşan elmimetriya, yaxud elmin inkişaf statistikasının yaranmasına təkan vermişdir. Elmşünaslığın digər mühüm sahələrindən biri elmin sosiologiyasıdır. Elmin və biliklərin sosial institut olaraq öyrənilməsi, alimlərin davranışları ilə bağlı normativ modellərin, alimlərin sosial rollarının araşdırılması elmin sosiologiyasının əsas tədqiqat predmetidir. O da qeyd edilməlidir ki, linqvistik, antropoloji, koqnitiv və bir çox digər yanaşmalar elmin sosioloji təhlili əsasında formalaşmışdır. Elmin nəzəri-metodoloji əsasları kim müəyyənləşdirilən elmşünaslıq elmin fəlsəfəsi, elmin sosiologiyası, elmi biliyin sosiologiyası, elmin iqtisadiyyatı, elmin psixologiyası, elmin mədəniyyəti sahələrində aparılan nəzəri-praktiki araşdırmalar üzərində qurulur.
XXI əsrdə təbiət elmlərinin inkişaf dinamikası, ictimai elmlər sahəsində əldə edilən nailiyyətlər, texniki elmlərlə bağlı yeniliklər, elmlər arası tədqiqatlar, elmin populyarlaşdırılması və bu istiqamətdəki digər proseslər elmin diferensiasiyasının dərinləşdiyini göstərir. Sosial institut olan elmin təbiətinin, strukturunun və sosial funksiyalarının öyrənilməsi və təbliği onun sosial fəaliyyət formasına çevrilməsini aktuallaşdırır, elmin sosial problemləri istiqamətində araşdırmaların aparılması zərurətini yaradır.
Elmin inkişafı hər zaman çətin, ağır yolla gedir. Professor Q.Qrenevskinin haqlı olaraq qeyd etdiyi kimi, “yalnız evin tikintisi fundamentdən başlayır, elmin tikintisində isə onun əsasları adətən çox gec üzə çıxır”.
Elmşünaslığın inkişaf tarixi əslində XVII əsrdən başlanmışdır. O dövrün ən çox istinad olunan alimlərindən olan, öz evini elm adamları və filosoflar üçün görüşmə nöqtəsi edən fransız riyaziyyatçı Rene Dekart ilk dəfə olaraq 1637-ci ildə çap etdirdiyi “Metod haqqında fikirlər” (Descartes, 1637) kitabında elm adamlarının işinin fərdi məhsuldarlığı məsələsini araşdırmışdır.
XIX əsrdə Rene Dekartın ardınca elmi cәmiyyәtlәrin formalaşmasının statistik metodlar vasitәsi ilә ilk öyrәnilmәsi istiqamətində cəhdlər isveçrəli alim-botanik Alfons Dekandol “İki әsr әrzindә elmin vә alimlәrin tarixi” (de Candolle, 1873) və ingilis alimi Frensis Qalton “İngilis elm adamları. Onların tәbiәti vә qidası” (Galton, 1874) əsərlərinin müəllifləri tərəfindən olmuşdur. A.Dekandol elmin inkişafına təsir göstərən sosial, psixoloji və digər amilləri aşkarlamaq üçün ilk cəhdlərdən birini etmiş, F.Qalton isə müxtəlif dövrlərin alimləri arasından görkəmli elm adamlarının verdiyi töhfələrin bölüşdürülməsinin araşdırılmasına kəmiyyət statistik metodları tətbiq etməyə cəhd etmişdir.
Artıq XX əsrin astanasında həyatını elmə və müəllimliyə həsr edən rus alim Dmitri İvanoviç Mendeleyev təcrübə ilə əlaqəni, elmi müəssisələrin quruluşunu, tədqiqatçıların sayının təbii artımını və elm üçün vacib olan bir çox problemləri hərtərəfli araşdırmışdır. Eyni zamanda, rus kimyaçı-alim akademik Pavel Valden də o dövrdə elmin təşkili və işlənməsi ilə bağlı araşdırmalar aparmış, müxtəlif ölkələrin və elm adamlarının ümumi inkişafına verdiyi töhfələrin təhlili ilə bağlı əsərlər yazmışdır.
Elmin öyrənilməsinə dair problemlər əsasən XIX əsrin ortalarından araşdırılmağa başlasa da, elmşünaslıq adı altında ilk tədqiqatlar məhz XX əsrin birinci yarısından etibarən işıq üzü görmüşdür.
1910-cu ildə Nobel mükafatı laureatı, elm və təbiət fəlsəfəsinin ən görkəmli islahatçılarından biri, tanınmış alman alim-fizik Vilhelm Ostvald tərəfindən “Böyük insanlar” adlı elmşünaslığa dair ilk əsər yazılmışdır. Burada alim ölkənin elmi potensialının formalaşması və “artım prosesi”nin idarə olunması imkanları haqqında mülahizələr irəli sürmüşdü. Əslində V.Ostvaldın kitabı alimin şəxsiyyət kimi formalaşması problemləri və onun şəxsi xüsusiyyətləri ilə elmi yaradıcılığı arasındakı əlaqələr üzərində aparılacaq araşdırmaların əsasını qoydu.
Elmşünaslığın inkişafında xüsusilə mühüm rol oynayan alimlərdən biri də XX əsrin görkəmli rus təbiətşünası Vladimir İvanoviç Vernadski idi. Elmin mahiyyətinin öyrənilməsi, noosfer konsepsiyası, elmi düşüncənin planetarlığı və elmin sosial funksiyası, tarixi, elmi və metodoloji tədqiqatlar, elmi və təşkilati fəaliyyət doktrinası V.İ.Vernadskinin nəzəri və tətbiqi elmşünaslığın formalaşmasına verdiyi töhfələrdir. Elmi informasiyanın (“elmi materialların”) həcminin sürətlə artdığını qeyd edərək, o, bu prosesin öyrənilməsinin çox vaxt “insan düşüncəsinin məhsulu olaraq yaradılan həmin materialların dəyərli və daimi olmasını ayırd etməyə imkan verən yeganə qiymətləndirmə forması” olduğunu hesab edirdi. V.Vernadskini həmçinin inqilabdan əvvəlki Rusiyada tarixi və elmi tədqiqatların ideoloqu hesab edirlər. O, hələ 1902-ci ildə Moskva Universitetində “Müasir elmi dünyagörüşünün tarixi” kursunu tədris etmiş və inqilabdan sonra elm tarixi üzrə ixtisaslaşmış bir qurumun yaradılması fikrini irəli sürmüşdü. Nəhayət 1921-ci ildə SSRİ Elmlər Akademiyasında Bilik Tarixi Komissiyası yaradıldı və 1932-ci ildə həmin qurum SSRİ Elmlər Akademiyasının Təbiət Elmləri və Texnika Tarixi İnstitutuna çevrildi. Vernadski 1930-cu ilə qədər İnstitutun rəhbəri vəzifəsində çalışmışdır.
1920–30 illәrdә elmşünaslığın xüsusi tәdqiqat sahәsi kimi formalaşması istiqamətində ilkin nümunәlәr yarandı və o dövrdə formalaşan elmi biliklərin bütöv bir şəkildə başa düşülməsinə dair ilk cəhd 1926-cı ildə rus alimi İ.A.Boriçevski tərəfindən edildi. Onun həmin ildə Leninqradda nəşr olunan “Vestnik znaniya” adlı jurnalın 12-ci nörməsində ilk olaraq elmşünaslığı dəqiq bir elm kimi xarakterizə edən məqaləsi çap olunmuşdu. İ.Boriçevski elmşünaslığa elmin daxili tәbiәtinin, onun ictimai vәzifәsinin, ümumi elmi bilik nəzəriyyəsinin, elmin sosial məqsədi, elm sosiologiyasının öyrәnilmәsini daxil edən alimlərdən biri oldu.
Sonrakı mərhələdə artıq 1930-cu illərdə elm özü tədqiqat obyekti olaraq alimlərin daha çox diqqət mərkəzində olmağa başladı. Boriçevskinin ardınca “elmşünaslıq” termini 30-cu illərdə Polşada akademik Tadeuş Kotarbinski, daha sonra isə Ossovskilər tərəfindən təklif edildi. Onun bu sahədə əsas əsərləri arasında xüsusilə “Bilik nəzəriyyəsinin elementləri, formal məntiq və elmlər metodologiyası” və “Məntiq tarixindən mühazirələr” kitablarını qeyd etmək lazımdır. Lakin, T.Kotarbinski elmşünaslığı araşdırsa da, ona dünya şöhrəti qazandıran, elmi maraqları, tədqiqatları və elmi nailiyyətlərinin əsas sahəsi məhz qurucusu və təbliğatçısı olduğu düzgün fəaliyyətin (yaxşı işin) ümumi nəzəriyyəsi – prakseologiya oldu.
1936-cı ildə polşalı alimlər Stanislav və Mariya Ossovskilәr yazdıqları “Elm haqqında elm” adlı məqalələrində elmşünaslıq proqramını irәli sürdülәr. Onlar elmşünaslığın nəzərdən keçirməli olduğu beş problem qrupunu müəyyən etmişdilər: elm fəlsəfəsi, elm psixologiyası, elm sosiologiyası problemləri, elmin təşkilatlanması və siyasəti, eləcə də elm tarixinin problemləri. Burada elm tarixi yuxarıda göstərilən problemlərin təhlili üçün material rolunu oynamalı idi.
Elmşünaslığın inkişafında Qərbin tanınmış alimləri R.Merton və C.D.Bernalın elm sosiologiyasına dair işlәri də mühüm әhәmiyyәt daşımışdır. Sosioloji elmin klassiklərindən hesab olunan amerikalı alim Robert Merton tarixi və elmi materialların sosioloji interpretasiyasını təklif etmiş, ingilis fizik və ictimai xadim Con Desmond Bernal isə 1938-ci ildə çap etdirdiyi “Elmin sosial funksiyası” kitabında ilk dəfə məhz elmin özünün elmi tədqiqat obyektinə çevirməsi fikrini irəli sürmüşdü.
İkinci Dünya müharibəsindən sonra elmin sosial-psixoloji, iqtisadi, təşkilati və digər problemləri geniş şəkildə öyrənilməyə başlandı, elmin öyrənilməsi sahəsi üzrə elmi-tədqiqat qrupları yaradıldı, xüsusi jurnallar nəşr edildi, konfranslar keçirildi.
Bununla belə, elmşünaslıq müstəqil bir elm sahəsi kimi yalnız 60-cı illərdən etibarən formalaşmağa başlamışdır. Bu dövrdə Elmin və elmi biliyin sosiologiyası yeni bir istiqamət kimi inkişaf etməyə başlamışdır. XX əsrin 60-cı illərində elmin sosiologiyasının tamamlayıcı istiqamətləri olaraq texnologiyanın sosiologiyası, ekspertizanın və ekspert biliklərinin sosiologiyası və s. inkişaf etməyə başlamışdır. Elmin sosiologiyası həm də sosiologiyanın nəzəri əsaslarının formalaşmasına səbəb olmuşdur. İlk dəfə Merton elmin sosiologiyasına dair araşdırmalar aparmış və elmin sosial institutu olaraq müəyyənləşdirilməsini və öyrənilməsini əsaslandırmışdır.
Elmi müxtəlif elmi fənlər nöqteyi-nəzərindən öyrənən müasir elmşünaslıq, bir-biri ilə əlaqəli iki elm hissəsinin müstəqil olaraq nəzərdən keçirilməsini təmin etməklə, elmi ayrılmaz və dinamik inkişaf edən bir sosial fenomen kimi təqdim edir: “elm dünya haqqında obyektiv, sistem quruluşlu və əsaslandırılmış biliklərə yönəlmiş fəaliyyətin inkişaf sistemi kimi (elmin fəlsəfəsi və metodologiyası), və yaxud elm konkret peşəkar birliyin və sosial institutun fəaliyyət sahəsi kimi (elm sosiologiyası)”.
Qeyd edilməlidir ki, Elmşünaslıq – elmin mahiyyəti və məğzinin, strukturunun, dinamikasının müxtəlif sosial institutlarla, həmçinin maddi və mənəvi aləmlə qarşılıqlı təsir və əlaqəsinin araşdırılmasına istiqamətlənmişdir. Elmşünaslıq elmin sosial mahiyyətini müəyyənləşdirərkən sosial, tarixi və fəlsəfi biliklərə istinad edir.
Bu mənada elmşünaslıq – elmi fəaliyyətin elə bir istiqamətidir ki, burada müxtəlif elm sahələrindən əldə edilmiş nailiyyətlərin təsnifatı, analizi, ümumiləşdirilməsi, ötürülməsi və istifadəsi əsas məqsəd olaraq çıxış edir. Elmşünaslıq – ayrı-ayrı elmi konsepsiya və nəzəriyyələrin təkmilləşdirilməsi, yaxud yeni nəzəriyyələrin qurulması, onların praktikada tətbiqi imkanları və nəticələrinin və ya Elmi Texniki Tərəqqinin bəşəriyyətin inkişafına təsirinin əsaslarının müəyyənləşdirilməsinə yönəlir. Elmşünaslıq elmin metodologiyası olaraq, müxtəlif elm sahələrinə xas tədqiqat metodlarından yararlanır. Həm humanitar, həm də texniki elmlərdə istifadə edilə bilən elmlərarası yanaşma elmşünaslığın geniş istifadə etdiyi tədqiqat metodudur.
Hazırda müxtəlif elm sahələrindəki sürətli inkişaf və bu inkişafın sosial, tarixi, siyasi nəticələrinin araşdırılması, ümumiləşdirilməsi və müəyyən mənada yönəldilməsi ilə bağlı tələbat Elmşünaslığın xüsusi bir tədqiqat sahəsi kimi inkişafını aktuallaşdırır.
Ümumiyyətlə, elmşünaslığın strukturunu aşağıdakı kimi səciyyələndirmək olar: Elm üç əsas aspektdə nəzərdən keçirilir: bilik və ya müəyyən bir bilik toplusu kimi; insan fəaliyyətinin digər növləri ilə müqayisəli bir fəaliyyət kimi; sosial institut, yəni təşkilati formalar sistemi və sosial həyatın ayrılmaz alt sistemi kimi.
Elmşünaslığın araşdırma sahəsini üç hissəyə ayıra bilərik: biliyin çatdırılma formalarının və onun xüsusiyyətlərinin öyrənilməsi: elmi xarakter meyarları, fakt, problem, nəzəriyyə, fərziyyə və s. kimi fenomenlər, elmin dili, konkret elmi fənlərin metodoloji problemləri; elmi fəaliyyət metodları və prosedurlarının öyrənilməsi: onların təsnifatı, təhlili, inkişafı, tədqiqat obyekti və mövzusu, elmin məqsədləri və onların iyerarxiyası və s.; elmin təşkilati formalarının öyrənilməsi: kollektivlər, məktəblər, kadrların bərpası sistemi, ixtisasların qiymətləndirilməsi və təsdiqlənməsi metodları, elmşünaslıq və dövlət, elmşünaslıq və iqtisadiyyat və s.
Elmşünaslıqda həmçinin iki əsas istiqamət də müəyyənləşdirmək mümkündür: analitik və normativ. Birinci istiqamətdə hazırda fəaliyyət göstərən qanunauyğunluqların və elmin həqiqi vəziyyətinin nəzərdən keçirilməsi, ikinci istiqamətdə isə əsasən elmin tənzimlənməsi və səmərəliliyinin artırılması üçün nəzəri əsaslar yaratmalı olan optimal elmi formaların, standartların öyrənilməsi baş verir.
Elmşünaslıq bu gün də mühüm və eyni zamanda araşdırılma tələb edən bilik sahəsi olaraq qalmaqdadır. Elmin optimal şəkildə təşkil olunması, onun prioritet sahələrinin müəyyən edilməsi üçün müstəqil bir tədqiqat sahəsi olaraq elmşünaslığın daha da inkişaf etdirilməsi zəruri hesab olunur.
Elmşünaslıq XX əsrin 60-cı illərindən başlayaraq Elmi Texniki Tərəqqinin tarixi inkişafa təsiri imkanlarının aydınlaşdırılması məqsədilə xüsusi bir elm sahəsinə çevrilmişdir. Elmşünaslığın inkişafında amerikalı alim Derek Con de Solla Prays da əhəmiyyətli rol oynamışdır. Derek Prays elmin özünün tədqiq edilməsi üçün kəmiyyət metodlarından istifadə etmiş və bununla da elmşünaslığın öyrənilməsinə böyük töhfə vermişdir. Təsadüfi deyil ki, onu məhz buna görə çoxları “elmmetriyanın atası” adlandırır. Derek Prays qeyd edirdi ki, elmi informasiya anlayışı, onun öyrənilməsi elmi ədəbiyyat və ya elmi kitabxana problemlərindən daha genişdir və mühüm əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, “Elmi məqalə heç bir halda dərc olunan, toplanan, axtarılan və tələbə əsasən təqdim edilən bir informasiya vahidi deyil. O, elmin ictimai quruluşunun dəyişən bir hissəsidir və üstəlik, bir şəraitdə istehsal olunur, başqa bir şəraitdə isə istifadə olunur”. Derek Praysın 1963-cü ildə irəli sürdüyü qanunauyğunluğa əsasən, müəyyən bir ərazidə ərsəyə gələn bütün əsərlərin yarısı, sayı müəyyən bir icma üzvlərinin ümumi sayının kvadrat kökünə bərabər olan bir qrup tərəfindən yaradılmışdır.
Onunla yanaşı, elmşünaslığın əsas istiqamətlərindən hesab olunan elmmetriyanın inkişafında Yudjin Qarfildin də mühüm rolu olmuşdur. Belə ki, elmi nəşrin keyfiyyət və nüfuzluq göstəricisi kimi Science Citation Index (SCI) elmi sitat gətirmə indeksini keçən əsrin 60-cı illərində ilk dəfə olaraq məhz o təklif və tətbiq etmişdir. Y.Qarfild həmçinin hazırda Thomson Reuter-sin əsas elmi təşkilatı hesab olunan, Elmi İnformasiya İnstitutunun (Institute for Scientific Information, ISI) da banisidir. 1975-ci ildən dilşünas-alim Science Citation Index-ə əlavə kimi Journal Citation Reports jurnalını nəşr etməyə başlayır və burada impakt-faktor (impact factor, IF, “nüfuzluq amili”, “təsir əmsalı”) göstəricisi üzrə elmi jurnalların nüfuzluğunun qiymətləndirilməsi təklif olunur. 1963-cü ildə meydana gələn həmin terminin də müəllifi Yudjin Qarfild olmuşdur.
“Elmşünaslıq” termin olaraq isə yalnız 1966-cı ildə Lvovda keçirilən elmin kompleks öyrənilməsinə dair Sovet-Polşa simpoziumunda təsdiq edilmişdir. Elmin inkişafının hərtərəfli öyrənilməsi problemlərinə həsr olunmuş simpoziumun gedişində demək olar ki, bütün tədbir boyunca məhz bu yeni istiqamətin mahiyyəti və adı haqqında canlı müzakirələr aparıldı. Mümkün olan bir çox variantdan: elm haqqında elm, elmologiya, elmşünaslıq və s. arasından qəbul edilən elmşünaslıq oldu. Simpozium böyük elmi qüvvələri bir araya gətirərək iştirakçı ölkələrdə elmşünaslığın inkişafı məqsədilə yalnız tədqiqat üçün aktual olan problemlərin müəyyənləşdirilməsi deyil, həm də praktiki cəhətdən həyata keçirilməsi baxımından geniş proqram tövsiyə etmişdir. Burada xüsusilə referativ bir jurnalın yaradılması və elmşünaslıqla bağlı xarici ədəbiyyatın tərcümə olunması, bu sahədə kadr hazırlığı, beynəlxalq əməkdaşlığın inkişafı və s. məsələlər öz əksini tapmışdı.
Sovet-Polşa simpoziumundan qısa müddət sonra 1966-cı ildə Kiyevdə G.M.Dobrovun “Elm haqqında Elm” kitabı nəşr olundu. Kitabda tarixi və elmi tədqiqatların yeni istiqamətinin formalaşması, metodları və ilk konkret nəticələrindən bəhs olunur, elmin inkişaf templərinin dəyişməsi, elmi və texnoloji tərəqqi, dünyada neçə alimin olması və məhsuldarlığın nə qədər olması, elmin inkişafını daha dəqiq anlamaq üçün kibernetikanın riyazi metodlarından istifadə edilməsi kimi məsələlər öz əksini tapmışdır. Sovet İttifaqında elmşünaslığın yaradıcılarından biri, Ukrayna elmşünaslıq məktəbinin banisi olan G.Dobrov hesab edirdi ki, əgər təbiətşünaslıq və texnika tarixi onların keçmişini öyrənirsə, elmşünaslıq elmi və texnoloji tərəqqinin bu günü və gələcəyidir. Bu baxımdan məhz Dobrov tərəfindən ilk dəfə olaraq elmşünaslıq konsepsiyası irəli sürülmüş və əsaslandırılmış, elmin səmərəliliyi, elmi potensial, tendensiyalar və elmi-texniki tərəqqinin proqnozlaşdırılması kimi problemlərin yer aldığı elmşünaslığın tədqiqatlarından ibarət proqram formalaşdırılmışdır. “G.M.Dobrovun elmşünaslıq sahəsinə verdiyi töhfə təkcə bu yeni elm sahəsinin statusunun əsaslandırılması ilə əlaqələndirilmir, həm də iqtisadiyyat və elmin təşkili, elm sosiologiyası, elmmetriya, elmi-texniki inkişafın proqnozlaşdırılması və s. istiqamətlərlə də bağlıdır… Dobrovun elmşünaslığa verdiyi töhfənin mühüm tərkib hissəsi kimi tələbələri ilə birgə formalaşdırdığı elmi və texniki potensial konsepsiyasını və onunla əlaqədar problemyönümlü qiymətləndirmələri hesab etmək olar…”
Ötən əsrin 70-ci illərində artıq elmşünaslıq yalnız elm haqqında elm kimi qiymətləndirilmirdi, eyni zamanda bir növ “elmlərin elmi” ya da “metaelm”, yəni eyni vaxtda elmin inkişaf qanunlarını ümumiləşdirən və onun inkişafı üçün katalizator rolunu oynaya bilən bir bilik sistemi rolunu oynayırdı. Elmşünaslıq elmi, elmin inkişaf qanunauyğunluqlarını, elmi biliklərin və elmi fəaliyyətin quruluşunu və dinamikasını, elmin digər sosial qurumlarla və cəmiyyətin maddi və mənəvi həyat sahələri ilə qarşılıqlı əlaqəsini öyrənir.
Azərbaycanda elmin və elmşünaslığın öyrənilməsi istiqamətində aparılan araşdırmalara XX əsrin 20-ci illərindən başlanmışdır. İlk dəfə Nəriman Nərimanov “Elmi kommunizmin dərk edilməsi yolları”, “Dialektika elminin metodları”, “Formal məntiq elmi”ilə bağlı araşdırmalar aparmışdır. Bu dövrdə Azərbaycanda elmin strukturu, mahiyyəti, elmi anlayışlar, alimin psixologiyası və s. mövzularda elmi tədqiqatlar aparılsa da, “Elmşünaslıq” ifadəsi istifadə edilməmiş, xüsusi bir elmi istiqamət kimi tərəqqi etməmişdir.
O, da qeyd edilməlidir ki, Azərbaycanda elmlə bağlı aparılan tədqiqatlar bilavasitə ideologiya ilə bağlı olduğundan tədqiqatçılar əsasən dialektik və tarixi materializmin, marksizmin elmi əsaslarını və buradakı elmi öyrənməyə çalışmışlar. XX əsrin 20-50-ci illərində ölkəmizdə aparılan tədqiqatlarda elmi kommunizm, dialektik elmi metod, məntiq elmi, elmi kateqoriyalar və s. xüsusi araşdırma obyekti idi.
XX əsrin 30-cu illərində elmin dialektin metodu və materialist dialektika istiqamətlərində araşdırmalar aparılması Azərbaycanda elmşünaslığın metodoloji əsaslarının inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir.
XX əsrin 60-70-ci illərində H.N.Hüseynov, A.O.Makiavelski, F.Q.İsmayılov, H.S.Seyidov, H.Yusifzadə, C.T.Əhmədli, Z.N.Bağırov, M.H.Əliyev və başqalarının elmin strukturu, elmi kateqoriyalar, elmi hökm və prinsiplər və s. istiqamətində apardıqları tədqiqatlar həmin dövrdə elmşünaslıqla bağlı tədqiqatların genişləndiyini və ölkəmizdə elmin sosial institut olaraq tədqiqat obyektinə çevrilməsini sübut edir. Bu baxımdan Azərbaycanda elmşünaslıqla bağlı tədqiqatların XX əsrin 70-ci illərindən genişləndiyini deyə bilərik. Belə ki, C. Əhmədlinin elmdə qanun kateqoriyası, elmi nəzəriyyənin məğzi və formalaşması imkanları, M.Əkbərovun alimin psixologiyası, S.Xəlilovun elmi-texniki tərəqqinin aktual problemləri və s. istiqamətdə apardıqları sistemli tədqiqatlar bu dövrə aiddir.
XX əsrin 70-ci illərində məşhur azərbaycanlı kristalloqraf və eyni zamanda ölkəmizdə elmşünaslığın təməlini qoyanlardan hesab olunan Xudu Məmmədovun “Qoşa qanad” (1974) adlı əsəri nəinki təkcə Azərbaycanda, həm də bütün SSRİ-də elm və incəsənətin, elmi və bədii yaradıcılığın müqayisəli təhlili sahəsində yazılmış ilk fundamental əsərlərdən biri hesab olunur. Britaniyalı alim Con Bernalın yanında təcrübə keçib vətənə qayıtmış Xudu Məmmədov diqqəti elmin özünə, onun digər ruhi-intellektual fəaliyyət sahələri ilə əlaqəsinə yönəldən fikirlər irəli sürmüş, suallar, problemlər qoymuşdur.
Ümumilikdə Azərbaycanda elmşünaslığın bir fənn kimi öyrənilməsinə XXI əsrdə başlanmışdır. Həmin dövrdən etibarən təməli Sovet Azərbaycanında qoyulan elmin inkişaf konsepsiyalarının fəlsəfi, sosioloji və s. aspektləri, elmin genezisi, elmi işin dəyərləndirilməsi R.Mehdiyev, A.Əlizadə, İ.Quliyev, M.Mərdanov, M.Seyidbəyli, Ə.Abasov, F.Qurbanov və bir sıra azərbaycanlı alimlər tərəfindən araşdırılmışdır. Bu baxımdan, professor S.Xəlilovun da elmin sistemli öyrənilməsinə aid olan “Elm haqqında elm” və “Elmşünaslığa Giriş” adlı elmi əsərləri qeyd edilməlidir. Müəllif yazılarında vahid metodoloji mövqedən çıxış edərək regional və ümumbəşəri problemləri təhlil edir, ölkədə elmin yenidən qurulması üçün bir sıra praktiki tövsiyələr irəli sürür.
Professor A.Hüseynovanın “Elm və innovasiya fəaliyyəti: ölçmə və qiymətləndirmə” adlı kitabında elmşünaslıq, elmmetriya, bibliometriya, elmi istinadlar və ölçmə indeksləri haqqında geniş məlumat verilib, elmi istinad bazaları, onlardan istifadə qaydaları və iş prinsipləri üzrə arayışlar təqdim edilmişdir. Onun fikrincə, “elmşünaslıqda statistik, riyazi modelləşmə, sosioloji, iqtisadi, ekspert qiymətləndirməsi üsullarından istifadə edilir. Elm ictimaiyyətin istehsal güçünə çevrilir. İnkişaf etmiş ölkələrdə milli məhsulun artımının ¾-nü elmi nailiyyətlərin tətbiqi təmin edir. İctimai məhsulun yaradılmasında elmin rolunun artımı prosesinin qarşısı alınmazdır.”
XX əsrin 70-90-cı illərində Azərbaycanda müxtəlif elm sahələrinin geniş inkişafı ilə yanaşı, ayrı-ayrı elmlərin qovşağında aparılan elmi tədqiqatların, fizikanın fəlsəfəsi, riyaziyyatın fəlsəfəsi, tarixin fəlsəfəsi və s. kimi yeni elmi istiqamətlərin yaranması haqqında danışmaq olar.
XX əsrin 90-cı illərində Sovet ideoloji sistemin çökməsi müəyyən dövr elmdə də durğunluğun yaranmasına səbəb oldu. Lakin müstəqillik illərində bilavasitə dövlətin təşəbbüsü ilə sosial, iqtisadi, mədəni sahələrin elmi əsaslarda tərəqqisinə nail olmaq üçün elmə qayğı və diqqət artırıldı.
Elmi araşdırmaların keyfiyyətinin yüksəldilməsi və kəmiyyətinin müəyyənlədirilməsi istiqamətində aparılan tədqiqatlara stimul verilməsi məqsədilə 2014-cü ildə Azərbaycan MEA-da Elm Tarixi İnstitutu yaradılmışdır. Bu gün Azərbaycanda elmin, elm tarixinin, elmşünaslığın, elmin sosial problemlərinin araşdırılması Elm Tarixi İnstitutunun bu istiqamətdə xüsusi bir araşdırma mərkəzinə çevrilməsinə əsas olmuşdur.
Bu İnstitutun “Elmşünaslıq və elmin sosial problemləri” şöbəsi bilavasitə elmimetriya, elmin sosiologiyası, elmi yaradıcılığın psixologiyası problemlərinin araşdırılmasını əsas fəaliyyət məqsədi kimi müəyyənləşdirmişdir. Əsasən 2016-cı ildən tam formalaşan şöbədə aşağıdakı istiqamətlərdə tədqiqatlar aparılır:
1.Elmin metodologiyası:
2.Müasir Azərbaycan dövlətçiliyinin elmi-metodoloji əsaslarının öyrənilməsi;
3.Elmin sosiologiyası;
4.Hüququn sosiologiyası və s.
Şöbənin əsas fəqliyyət istiqamətləri kimi elmşünaslığın tarixi, elm və texnikanın öyrənilməsində sosioloji, fəlsəfi, statistik araşdırma metodları, Azərbaycanda elmi kadrların dinamikası, elmi miqrasiya, elmi potensialın və elmi fəaliyyətin qiymətləndirilməsi, elmmetriya, elmin iqtisadiyyatı, psixologiyası, kulturologiyası, elm siyasəti, elm və texnikanın inkişafının planlaşdırılması və proqnozlaşdırılması çıxış edir.
Araşdırmanın ümumiləşdirilməsi kimi qeyd edə bilərik ki, ayrı-ayrı elmlərin inkişafı elm tarixinin xüsusi bir elm sahəsi kimi formalaşmasına əsas olmuşdursa, məhz elmlərin inkişafı və bilavasitə ümumi məhfum olaraq elmin inkişafı elmşünaslığın müəyyənləşməsinə əsas olmuşdur. Bu gün ayrı-ayrı elm sahələrində baş verən inteqrasiya və diferensiasiya prosesləri Elmşünaslıqda da özünü göstərir, elmin müxtəlif müxtəlif disiplinlərin tədqiqat obyektinə çevrilməsinə və Elşünalığın nəzəri-metodoloji bazasının zənginləşməsinə səbəb olur.

Talışınski Elvin Bəhruz oğlu
AMEA-nın Elm Tarixi İnstitutunun “Elmşünaslıq
və elmin sosial problemləri” şöbəsinin müdiri,
siyasi elmlər üzrə fəlsəfə doktoru

Məmmədova Səadət Davud qızı
AMEA-nın Elm Tarixi İnstitutunun “Elmşünaslıq
və elmin sosial problemləri” şöbəsinin aparıcı elmi işçisi, sosiologiya elmləri üzrə fəlsəfə doktoru, dosent